[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Tanıdığım böyük şəxsiyyət
Dj_IceДата: Пятница, 28.12.2012, 14:21 | Сообщение # 1
Полковник
Группа: Администраторы
Сообщений: 166
Репутация: 32767
Статус: Offline
Şəddad Muğdatoğlu Cəfərov. Mən bu ad və soyadı özümə çox yaxın bilirəm. Odur ki, Şəddad müəllim üçün söz demək bu gün mənə həm asan, həm də çətindir. Asandır ona görə ki, Şəddad müəllimi mən çox yaxşı tanıyıram. Çətindir ona görə ki, Şəddad müəllim son dərəcə sadə, təvazökar olduğu qədər, həm də mürəkkəb düşüncəyə malik olan şəxsiyyətdir. Əlbəttə, mürəkkəb düşüncə deyəndə mən bunu sözün həqiqi mənasında çox müsbət obraz kimi qiymətləndirirəm. Şəddad müəllim əslən respublikamızın cənub bölgəsindəndir. O, əsrarəngiz bir torpaqda dünyaya göz açıb. Bir tərəfdən mavi Xəzərin pıçıltılarının şahidi olub, digər tərəfdən yamyaşıl meşələrlə örtülü, başı qarlı Talış dağlarının təmiz havasını udub. Görünür, Xəzər sularının çoşğunluğu, Talış meşələrinin sərinliyi onun xarakterinə çox böyük təsir edib. Elə buna görə də bizim söhbət açdığımız şəxs həm xasiyyətcə mülayim, həm də yeri gələndə son dərəcə təlatümlüdür.
Mən onu necə tanıyıram. Onunla ilk görüşüm, ilk tanışlığım Azərbaycan televiziyası vasitəsilə olmuşdu. Təsadüfən onun haqqında bir verilişə baxmışam. Bu o vaxta təsadüf edib ki, respublikamızda yenidənqurma prosesi ciddi şəkildə gündəmdə idi. Sovet hökümətinin süqutundan söhbət gedə bilməzdi. 1987-ci ildə bütün Sovet respublikalarında yenidənqurma prosesi ciddi vüsət almışdı. Bazar iqtisadiyyatına yeni keçid dövrü başlanmışdı. Həmin zamanda respublikamızda kooperativ hərəkatı təzəcə gündəmə gəlmişdi. Və bu hərəkata ilk qoşulanlardan biri də mən idim. O dövrdə sözsüz ki, ciddi çətinliklər mövcud idi. Bu prosesə qoşulanlar heç də bu prosesi tam dərk etmirdilər. Kooperativ yaratmaq deyəndə çoxları (Hətta yuxarı dairələrdə də belə düşünənlər var idi.) primitiv düşüncəyə arxalanıb xırda işlərlə fəaliyyətə başlayırdılar. Həmin dövrdə əsasən şoraba kooperativləri, ayaqqabı təmiri ilə məşğul olan kooperativlər və s. xırda fəaliyyət dairəsi ilə kifayətlənən təşkilatlar yaranmışdı. Bu dövrdə biz böyük bir işin təməlini qoymuşduq. Mən və mənim ətrafımdakı dostlarım SSRİ-də ilk dəfə informasiya, nəşriyyat və reklam xarakterli özəl müəssisənin yaradılması planını işləmişdik və xoşbəxtlikdən bunu həyata keçirə bilmişdik. Sözü uzatmaqda məqsədim var. Əlbəttə, o da Şəddad Cəfərovla bağlıdır. Həmin müəssisəni yaradandan sonra mənim qarşımda görəcəyim işlərdən biri yeni dəb toplusunun işıq üzü görməsi idi. Biz bu toplunun adını da tapmışdıq. “Arzu!” Bu jurnal həm bizim üçün, həm respublikamız üçün son dərəcədə əhəmiyyətli bir çap məhsulu idi. Çünki o dövrdə respublika qadınları üçün “Azərbaycan qadını” jurnalından başqa oxunmalı bir dərgimiz yox idi. Biz jurnalı əlli min tirajla çapa hazırlamışdıq. Lakin böyük zəhmət hesabına hazırladığımız bu jurnalın respublikada nəşr olunmasına heç cür nail ola bilmirdik. Baxmayaraq ki, bütün sənədlərimiz və fəaliyyət dairəmiz mövcud qanunlara uyğun idi. Respublikada demək olar ki, bizi başa düşən yox idi. Heç kim dərk etmirdi ki, kiminsə şəxsi jurnalı ola bilər. Bax belə bir zamanda yuxarıda qeyd etdiyim bir televiziya verilişi bizim köməyimizə çatdı. Həmin televiziya verilişində Şəddad Cəfərovun Ulyanovsk şəhərindəki “Ulyanovskaya pravda” nəşriyyatının baş direktoru olduğu bildirilmişdi. Əvvəllər eşitdiyim bu xəbər məni Ulyanovsk şəhərinə, Şəddad Cəfərovun görüşünə apardı.
1989-cu ilin dekabr ayı idi. Təyyarədən düşüb birbaşa “ Ulyanovskaya pravda” nəşriyyatına gəldim. Əzəmətli bir bina idi. Bizim “Azərbaycan” nəşriyyatının binasından da böyük. Qapıda milislər (mühafizəçilər) məni qarşıladılar. Bakıdan gəldiyimi bildirdim. Nəşriyyatın direktoru ilə görüşməyimi söylədim. Cəmi on dəqiqəyə məni Şəddad Cəfərovun qəbuluna qədər müşayət etdilər. Qəbul otağının qapısı üstündə “ Baş direktor Şəddad Muğdatoğlu Cəfərov” sözlərini görüb xeyli dərəcədə sevindim. Mərkəzi Rusiyada, böyük Leninin doğulduğu şəhərdə, Volqa çayının yaxınlığında Sovet höküməti üçün son dərəcə əhəmiyyətli iri bir müəssisənin rəhbərliyinin türk oğluna tapşırılması məni çox fərəhləndirdi. Bu fərəh hissi ilə onunla görüşüm baş tutdu. Geniş otağında çox böyük səmimiyyətlə məni qarşıladı. Aramızda təxminən on dörd il yaş fərqi olmasına baxmayaraq, o mənimlə çox böyük səmimiyyətlə söhbət apardı. Mən sonralar dərk etdim ki, bu Şəddad Cəfərovun daxilində olan xasiyyətidir. O, hamı ilə səmimi münasibətdə olmağı bacaran adamdır. Şəddad Cəfərov həmin görüşdə gəlişimin səbəbini soruşdu. Fikrimi açıqladım. Azərbaycanda əhəmiyyətli bir jurnalın çap olunması istəyimi bildirdim. Lakin buna gücümüz çatmadığını söylədim. Sözün düzü, mən ona jurnalın Azərbaycanda çapına razılıq verilmədiyini dilimə gətirmək istəmədim. Bununla fikirləşdim ki, Şəddad müəllimin vətənə olan məhəbbət hisslərini azalda bilərəm. Odur ki, məsələyə başqa tərəfdən yanaşdım. “Ulyanovskaya pravda” nəşriyyatının daha böyük imkanlara malik olmasını və jurnalımızın ilk nömrəsinin daha yaxşı çıxması üçün düşüncələrimi ona bildirdim. Xoşbəxtlikdən elə ilk andaca apardığımız bütün materiallar bir poleqrafçı kimi onun xoşuna gəldi. Və həmin gün də təsisçisi olduğum “Arzu” moda jurnalı əlli min tirajla çapa imzalandı. Bu bizim onunla ilk işimiz oldu. Mən Şəddad müəllimin mənimlə bağlı bir işini də xüsusən qeyd etmək istəyirəm. Bu da bizim ilk görüşümüz günündə olub. Çox maraqlı olduğu üçün və mənim həm də yaratdığım “Qafqaz” şirkətinin tarixində xüsusi əhəmiyyət kəsb edən bu işi xatırlamaq istəyirəm. Mən qəbulda olarkən təsadüfən “Ulyanvskaya pravda” nəşriyyatının dörd nəfər gənc əməkdaşı xüsusi əhəmiyyətli iş üçün baş direktorla görüşəsi olmuşdu. Bunlar təxminən 21-22 yaşlarında olan gənc qızlar idi. Nədənsə qızlar mənim gözümə çox gözəl görünmüşdülər. Onlar Şəddad müəllimlə görüşüb məsləhətləşəndən sonra direktor nədənsə həmin qızları mənimlə tanış etmək fikrinə düşdü: - Bizim gənc kadrlarımızdır. - dedi. Həm də onların çox bacarıqlı mütəxəssis olmalarını söylədi. Mən isə, əlbəttə, tanışlığıma şad oldum və nədənsə heç mənə bəlli olmayan qəfil bir fikri dilimə gətirdim. Dedim ki, bunlar çox gözəl qızlardı. O qədər gözəldilər ki, razılıq versəydilər bizim “Qafqaz” şirkəti bu qızların təqvimlərini buraxardı. Dilimə gəlmiş bu sözlər ilk dəfə görüşdüyümüz bu məqamda həqiqətə çevrildi. Şəddad müəllim elə bil sözü göydə tutdu və həmin anda mənim fikirlərimi təsdiqləyib məni daha dərindən və yaxın adamı kimi öz işçilərinə təqdim etdi. Nəticə son dərəcə maraqlı oldu. Belə ki, “Qafqaz” şirkətinin xətti ilə həmin dörd nəfər qızın ümumilikdə yüz milyon tirajla cib təqvimləri çap olundu və bütün SSRİ məkanında satışa çıxarıldı. Bu bizim “Qafqaz”a çox böyük sərmayə gətirdi. Sözsüz ki, o qızlar da az qazanmadılar.
Mən bunları nə üçün xatırladım. Əlbəttə, ona görə ki, Şəddad müəllimin qayğıkeşliyini, səmimiyyətini, iş prinsiplərini bir daha təsdiq etmək üçün. O, hər şeydən əvvəl insanlara inanan adamdır. Özü təmiz olduğu üçün demək olar ki, hamını təmiz bilir. Yaşının bu çağında da o eşitdiyi hər bir sözə biganə qalmır. Ona təklif olunan hər bir işi canla-başla həyata keçirməyə hazır olduğunu söyləyir. Şəddad Cəfərov iqtisad elmlər namizədidir. Sözsüz ki, əsasən nəşriyyat sahəsində iqtisadiyyatın qurulmasında çox böyük məsələləri həll etmiş adamdır. O, keçmiş SSRİ məkanında və bugünkü Azərbaycanda demək olar ki, ən böyük bacarığa malik olan bir poleqrafçıdır. Nəşriyyatın ən kiçik işlərindən tutmuş bugünkü poleqrafiyanın ən güclü texnikasına qədər bələd olan bu adam, sözün həqiqi mənasında əvəzsizdir. Elə buna görə də o, dəfələrlə böyük müəssisələrə rəhbər vəzifəyə təyin olunub. “Ulyanovskaya pravda” nəşriyyatından sonra Şəddad Cəfərovun Azərbaycana dönməsi və “Azərbaycan” nəşriyyatına baş direktor vəzifəsinə təyin olunması çox böyük hadisə idi. Sovet İttifaqının dağılmasından sonra “Azərbaycan” nəşriyyatı öz funksiyasını itirmişdi. Demək olar ki, nəşriyyat iflic vəziyyətinə düşmüşdü. Mütəxəssislərin əksəriyyəti az bir zamanda nəşriyyatdan getmək fikrində idi. Ancaq Şəddad Cəfərovun bu müəssisəyə rəhbər təyin olunması “Azərbaycan” nəşriyyatını dağılmaq təhlükəsindən hifz etdi. Onun baş direktor kimi bir sıra xarici ölkələrə gedib-gəlməsi və xüsusən Fransada olması nəşriyyatın poleqrafiya gücünü bəlkə də yüz dəfə yüksəltdi.
Bu gün o, indiki siyasi böhran dövründə 3 nömrəli kitab mətbəəsinə rəhbərlik edir. Xoşbəxtlikdən onun rəhbərliyi ilə həmin kollektiv bu gün də seçilən bir kollektivdir. Əvvəllər olduğu kimi Şəddad Cəfərovun fəaliyyəti sahəsində bu gün də yüzlərlə kitablar, jurnallar və başqa dəyərli çap məhsulları işıq üzü görür. Mən mübaliğəsiz deyə bilərəm ki, Şəddad Cəfərovun çap etdiyi kitablar və başqa nəşriyyat məhsulları bizim hər birimizin evində var. Yeni nəslin tərbiyəsinə Şəddad Cəfərovun çap etdiyi kitabların, jurnalların böyük təsiri olmuşdur.
O təkcə poleqrafçı deyil. O həm də iti qələmli bir yazardır. Mən onun xırda hekayələrini Azərbaycan və rus dilində oxumuşam. Cəmi bir neçə səhifəlik bu kiçik hekayələrdə Şəddad Cəfərovun qələmi bir az da Mirzə Cəlilin qələminə bənzəyir. Şəddad Cəfərov həm də ictimai xadimdir. Mən bunu tam məsuliyyətlə deyirəm. O, Həm Rusiyada işləyəndə, həm də vətənimizdə çalışarkən heç zaman ictimai işlərdən kənarda qalmayıb. Öz köməyini, öz bilik və bacarığını o, heç vaxt xalqından əsirgəməyib. Bu gün o, “Respublika Veteranlar Şurasında” məsul vəzifə aparıcısıdır. Biz onu hər il 9 May Qələbə günündə veteranlar cərgəsinin başında görürük. Respublika prezidenti İlham Əliyevin veteranlarla hər il görüşündə biz Şəddad Cəfərovu öndə görürük. Bütün bunlar bir dost kimi məndə böyük fəxarət hissi yaradır. Mənim fikrimcə Şəddad Cəfərov ən böyük mükafatlardan, ən böyük təltiflərdən ucada durur. Çünki o, böyük şəxsiyyətdir. Çox böyük sevindirici haldır ki, Şəddad Cəfərov həm də böyük, xoşbəxt və firavan ailə sahibidir. Mən onun övladlarını tanıyıram. Onların toy mərasimlərində iştirak etmişəm və açıq deyim ki, heç bir toyda, heç bir şənlikdə Şəddad müəllimin övladlarının toyundakı qədər ləzzət almamışam. Ona görə ki, bu toyların təşkilatçısı da Şəddad Cəfərovdur. Mənim gözümdə özü nə qədər təmiz və ucadırsa, onun övladları da o qədər ucadırlar.
Yaşının müdrik çağında 70 illiyinin ərəfəsində, hələ çox cavan görünən, hələ işləmək üçün enerjisi tükənməyən, xalqımız, dövlətimiz və dövlətçiliyimiz üçün öz müqəddəs zəhmətini, bilik və bacarığını əsirgəməyən Şəddad Cəfərova ən ülvi hisslərimi bildirir və ona böyük şairimiz Osman Sarıvəllinin bir misrasını ərməğan edirəm.
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
Mən bilirəm ki, bu günə qədər heç bir səhv etməyən, heç bir günah işlətməyən Şəddad Cəfərov bu məqamda da günah işlətməyib yüz il yaşayacaq və yüz illik yubileyinə bizləri özü dəvət edəcəkdir.

Cümşüd İsgəndər,
Yazıçı -jurnalist,
“İncə” nəşriyyat evinin baş direktoru,
“Şəxsiyyət” jurnalının baş redaktoru.
 
  • Страница 1 из 1
  • 1
Поиск: